Tarla bizi gözləyir
18-06-2018, 16:58
384

Tarla bizi gözləyir

18-06-2018, 16:58

“Eşq dərdilə xoşam, əl çək əlacımdan, təbib,

Qılma dərman kim, həlakim zəhri-dərmanındadır”.

(Füzuli)

****

Bu yaxınlarda Bakıdakı uşaq bağçalarından birində tərbiyəçi uşaqları kobudluqla itələmişdi, nədənsə bununla bağlı möhkəm şivən qoparıldı. Deputatların, jurnalist qırıntılarının, zəhmətkeş kollektivlərinin qaraqışqırığı göyə bülənd olmuşdu. Sifariş deyəsən çox yuxarıdan gəlmişdi və bədbəxt tərbiyəçini tutub zindana saldılar. Özü də bizdə indiyə qədər görünməmiş bir maddə ilə: əzabvermə maddəsiylə! Sən demə bizim CM-də, yəni, Cinayət Məcəlləsində belənçik qəşəng, yarlı-yaraşıqlı maddə var imiş. Halbuki, mən də o videolara baxmışdım və fikrimcə tərbiyəçini uzağı cərimələmək lazım idi. Heç biz şikayət edənlərin olub-olmadığını da öyrənə bilmədik. O cümlədən, qəfil sifarişə tuş gəlmiş bədbəxt qadının özünün də deyilənə görə iki azyaşlı uşağı vardır. Bəs o uşaqlara indi kim baxır, vecimizə deyildir. Sözgəlişi, bu temanı iştirak elədiyim bir məclisdə müzakirə edərkən ağsaqqallardan biri elə belə də dedi: “O qadının qanını içərəm, sakitləşmərəm”. Əlbəttə. Qan içmək lazımdır. Başqa yolumuz yoxdur. Ayaqlarından xaş, yağlı tikələrindən də bozbaş bişirib qırx incəbelli bağça tərbiyəçisinə yedirtməliyik. Kim yeməsə deməli onunla həmfikirdir, həmin tərbiyəçini də tutub Şöklü Məliyin – yerli uçaskovının yatağına salmalıyıq.

Tərbiyəçi niyə yadıma düşdü, onu yazım. Saatlının ardıyca Tərtərdə də xeyli kəndli pambıq tarlasında zəhərlənib xəstəxanalıq olmuşdur, bəziləri hətta ağır durumda reanimasiyada yerləşdirilib. Ancaq hər iki halda biz cinayət işinin açılmasından, kiminsə cəzalanmasından xəbərsizik. Nəinki kütləvi zəhərləmə, heç əzabvermə maddəsiylə də iş açılmayıbdır! Niyə? Bəyəm 40-a yaxın insanın zəhərlənməsi 1-2 uşağı itələyib üzü divara küncə qoymaqdan yüngül hadisədir? Həmin deputat və jurnalist qırıqları, həmin ağzına çullu dovşan sığışmayan ictimaiyyət nümayəndələri indi nə üçün susurlar? Sifariş almamısınız, ya tarlaya vurulan dərmanın təsiri sizi də bayıldıbdır? Vətənpervertliyiniz harda qaldı? Axı ikinci zəhərlənmə hadisəsi cəbhə xəttinin qulağının dibində olubdur. Bəlkə elə ermənilər pambıq tarlasına zəhərli kimyəvi silah tətbiq etmişlər? (Versiyanı atıram, götürün yararlanın, olmayan yerdə biz də informasiya savaşına töhfə-zad verək, vətən bizə oğul desin, cibimizə noğul töksün, mamır olub qayasında, məmur olub idarəsində bitək!).

90-larda hansısa qəzetdə çıxan bir lətifə yadıma düşdü, orada lətifənin qəhrəmanı deyəsən Yaşar Türkazər idi – o illərin bütün etiraz aksiyalarının yorulmaz iştirakçısı, qocaman müsavatçı və müxalifətçi Yaşar bəy. Lətifədə ölkə rəhbərliyinin iqtisadiyyatla bağlı nəsə iclasından bəhs olunurdu. Hərə bir söz danışır ki, necə edək yoxsulluq azalsın. Orada Yaşar bəy söz alıb deyirdi ki, məncə çox əziyyət çəkmək lazım deyil, camaata siçan dərmanı verməklə məsələni qısa vaxtda həll eləmək olar. İndi bu tarla zəhərlənməsi faktları artdıqca düşünürəm bəlkə Yaşar bəyin təklifi gec də olsa nəzərə alınmağa başlayıbdır.

Hər bir işi peşəkarlara tapşıranda nəticə də olur. Misal üçün, deputatdan futbol üzrə dünya çempionatı haqda soruşublar, o isə hansısa ispan klubunun qalib gələcəyini bildiribdir. Sonra bisavad cəmiyyətimiz o deputatı lağa qoydu. Halbuki, ilk yanlışı jurnalist eləmişdi. Sən deputata nə üçün ona dəxli olmayan sahədən sual verirsən? Deputatdan Rəsulzadəni təhqir eləmək, xaricdə iş axtaran azərbaycanlıları söymək, soğan əkmək, müsəlmanların ağlamağı, uzağı üç uşağı necə saxlamağın yolları temalarında sual soruşmaq olar. Yoxsa sən dur deputatın elmi-siyasi savadını futbol temasında yoxla... Axmaq hərəkətdir. Ona qalsa heç Messi də Azər Badamov adlı deputatımızın olduğunu bilmir. (Düzü, mən də təzə öyrənmişəm). Belə getsə jurnalistlər lap ağını çıxardar, bir gün deputatlara seçicilərin problemləri haqda da sual verərlər! Allah-allah!

Əflatun müəllimdən keçən il xahiş eləmişdim biz jurnalistləri pambıq tarlasına bassın. Saatlıdan deputatdır, yəqin orda bir-iki hektar pambığı da olar. Məncə hazırkı dərmanlama vəziyyətində bizim mediaya o tarlalar çox lazımlıdır.

dle

FACEBOOK ŞƏRH YAZ